Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin son konsert proqramı dekabrın 18-də Füzuli şəhərində təqdim edilib.

Konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb.

Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmilər, Füzuli şəhər sakinləri izləyiblər.

“Navruz” milli rəqs ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı və müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər.

Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı alqışlarla qarşılanıb. Dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar da tamaşaçıların könlünü oxşayıb.

Xatırladaq ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin açılış konserti dekabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində olub. Özbəkistanın musiqi və rəqs kollektivləri paytaxtda Heydər Əliyev Sarayında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında da çıxış ediblər.