Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarıməsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir.
Yubiley tədbirindən öncə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun AzMİU-nun yaradılmasındakı müstəsna xidmətlərini, ali təhsil və milli kadr hazırlığı prosesinə böyük qayğısını ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Universitet kollektivi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canını fəda edən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub.
“Gülüstan” sarayında təşkil olunan rəsmi tədbirin iştirakçıları “Təhsil və irs” sərgisinə baxıblar. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.
Dövlət və hökumət rəsmiləri, deputatlar, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirdə AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxış edib. Rektor bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb.
Vurğuılanıb ki, ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır.
Rektor çıxışında yubiley ərəfəsində AzMİU-nun seçdiyi devizə də diqqət çəkib: “Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarıməsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.
Gülçöhrə Məmmədova 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisinin məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.
Nazir qeyd edib ki, inkişafın ikinci mühüm meyarı əməkdaşlıqdır. AzMİU-nun yubiley mərasimində yerli və xarici ali təhsil müəssisələrinin, dövlət qurumlarının, elmi təşkilatların nümayəndələrinin geniş tərkibdə iştirakı universitetin əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.
Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.
Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunub.
***
Dekabrın 18-də Prezident İlham Əliyev AzMİU-nun 50 illiyi münasibətilə universitet əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla AzMİU-nun rektoru Məmmədova Gülçöhrə Hüseyn qızı “Şərəf” ordeni ilə təltif olunub. Universitetin 8 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeninə, 21 nəfər “Tərəqqi” medalına layiq görülüb.

























