Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxlaq vasitəsi hesab edib. O, musiqinin insan ruhuna birbaşa təsir etdiyini, xarakterin formalaşmasında mühüm rol oynadığını vurğulayırdı. Platona görə, xor musiqisi isə səs, ritm və rəqs vasitəsilə harmoniya, kollektiv düşüncə və nizam-intizam hissini gücləndirdiyi üçün xüsusilə vacib idi. Bu baxımdan xor ifası təkcə musiqi bacarığı deyil, həm də birgə çalışma, qarşılıqlı dinləmə və məsuliyyət mədəniyyətini formalaşdıran mühüm vasitədir.
Musiqi uşaqların intellektual, emosional və sosial inkişafında əvəzsiz rol oynayır. Elmi araşdırmalar göstərir ki, musiqi ilə məşğul olan uşaqlarda yaddaş, diqqət, nitq bacarıqları, eləcə də emosional ifadə qabiliyyəti daha sürətlə inkişaf edir. Xorda oxumaq isə uşaqlara özünü ifadə etməklə yanaşı, kollektivin bir parçası olmağı, bir-birinə uyğunlaşmağı və səhnə mədəniyyətini aşılayır.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu baxımdan hər zaman uşaqların hərtərəfli inkişafına xüsusi diqqət ayırır. Filarmoniyanın nəzdində fəaliyyət göstərən dərnəklər, xüsusilə xor və vokal sinifləri uşaqların musiqi dünyasını kəşf etməsinə, istedadlarının üzə çıxmasına və peşəkar səhnə təcrübəsi qazanmasına geniş imkan yaradır.
10 ildən çoxdur ki, müxtəlif tədbir və müsabiqələrdə uğurla iştirak edən “Səda” uşaq xoru və vokal sinfi bu istiqamətdə nümunəvi kollektivlərdən biridir. Bu yaradıcı kollektiv təkcə yüksək ifa mədəniyyəti ilə deyil, həm də özünəməxsus səhnə duruşu və səmimi çıxışları ilə seçilir. “Səda” uşaq xorunun bədii rəhbər və dirijoru Aysel Mehdizadə xorla oxumanın incəliklərini, qayda-qanunlarını hər bir uşağa dəqiqliklə öyrədir, xüsusi həssaslıqla yanaşır, hər bir iştirakçının səs imkanlarını nəzərə alaraq onlarda düzgün nəfəs alma, intonasiya, ritm duyumu və səhnə mədəniyyətini formalaşdırır. Onun peşəkar və səbrli yanaşması nəticəsində uşaqlar təkcə musiqi bilikləri qazanmır, eyni zamanda kollektiv ruhu, məsuliyyət hissini və sənətə sevgi ilə yanaşmağı öyrənirlər.
Dekabrın 17-də Dövlət Uşaq Filarmoniyasında təqdim olunan “Uşaqların səsi” adlı konsert proqramı da bunun bariz nümunəsi oldu. Əsl bayram əhvallı axşamda uşaqların saf, sevgi dolu, həyəcanlı və sevincli çıxışları hər ifalarında, hətta hər notlarında hiss olunurdu. Rəngarəng repertuar, fərqli janrlı mahnılar, onların musiqiyə olan sevgisi bütün zalda əyləşən tamaşaçıların böyük heyranlıq və sevinc hissi ilə izlədiyi möhtəşəm bir sənət bayramına çevrildi.
Bu cür konsertlər uşaqlar üçün təkcə səhnə təcrübəsi deyil, eyni zamanda özünə inamın artması, uğur hissinin yaşanması və gələcək yaradıcılıq yoluna motivasiya deməkdir. Tamaşaçılar üçün isə bu çıxışlar saf duyğuların, səmimi sənətin və gələcəyin istedadlarının canlı təzahürüdür.
Konserti izləyənlər arasında Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova-Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə, 17 nömrəli musiqi məktəbinin direktoru Samirə İsayeva, bəstəkar Sevda Rəhimova və digər qonaqlar vardı.
Peşəkar vokal ifaçısı Leyla Aslanova uzun illərdir ki, vokal sinfinin müəllimidir. Onun hər bir şagirdə fərdi, peşəkar yanaşması konsert zamanı uşaqların ifasında, səhnə duruşlarında aydın hiss olunurdu.
Dövlət Uşaq Filarmoniyası və onun nəzdində fəaliyyət göstərən “Səda” uşaq xoru kimi kollektivlər milli musiqi mədəniyyətimizin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm missiya daşıyır. Bu missiya isə hər bir uğurlu çıxışda, hər bir alqışda və hər bir uşağın gözlərindəki sevincdə öz əksini tapır.
Konsertin sonunda bütün iştirakçılar və müəllimlər səhnəyə çıxaraq gələn qonaqlara, tamaşaçılara, valideynlərə, eləcə də Dövlət Uşaq Filarmoniyasının rəhbərliyinə təşəkkürlərini bildirdilər.

























