Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsinin incilərindən sayılan Cüzeppe Verdinin "Aida" operasını sənətsevərlərə təqdim edəcək. Martın 12-də Heydər Əliyev Sarayında nümayiş olunacaq dördpərdəli operanın budəfəki nümayişi xüsusi əhəmiyyət kəsb edir.

Opera və Balet Teatrından bildirilib ki, tamaşada Radames partiyasını dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. 

Radames partiyasını indiyədək müxtəlif ölkələrin opera teatrlarında ifa etmiş Yusif Eyvazov bu obrazda Bakı səhnəsinə ilk dəfə çıxacaq.

Səhnə əsərində həmçinin Azərbaycanın tanınmış opera ifaçıları – Xalq artistləri Əvəz Abdulla, Fidan Hacıyeva, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artist Afaq Abbasova, solistlər İqor Yadrov, Fəhmin Əhmədli çıxış edəcəklər.

Görkəmli baletmeyster, SSRİ Xalq artisti Qəmər Almaszadənin (1915–2006) xoreoqrafik təfsirində nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. 

Tamaşanı İtaliyadan dəvət olunmuş məşhur dirijor Mikelanjelo Mazza (Michelangelo Mazza) idarə edəcək. 

Biletləri iTicket.az saytından və şəhərdəki kassalardan əldə etmək mümkündür.