Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkar, beynəlxalq “Qızıl cəng” ("Fəcr" festivalı, İran) və “Humay” milli mükafatlarının laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib.
Yubiley gecəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev dirijor və sənətkar kimi uğurlara imza atıb, sənətdə öz sözünü deməyi bacarıb. Tar aləti üzrə təhsil alsa da, həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin “Fəxri diplomu”nu və təbrik məktubunu təqdim edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbriklərini çatdırıblar.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynovanın və AMK nəzdində Musiqi Kollecinin yubilyara ünvanlandığı təbrik məktubları da oxunub.
Tədbirin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi, Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlər – Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər.
Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb.
Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xoru (xormeyster Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin “Odlar yurdu” əsəri ilə başa çatıb.

























