M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında abonement konsertləri çərçivəsində “Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert təşkil olunub.

Filarmoniyadan verilən məlumata görə, fərqli konsepsiyası və dərin məzmunu ilə seçilən musiqi axşamı klassik konsert çərçivəsindən kənara çıxaraq, səsin insan ruhuna toxunan incə təsirini ön plana çəkib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aynur İsgəndərova hər bir ifadan əvvəl çıxış edərək musiqi terapiyasının mahiyyəti, müxtəlif alətlərin insan psixologiyasına və emosional dünyasına təsiri barədə dinləyicilərlə dəyərli fikirlərini bölüşüb.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsəri yer alıb. Klassik və müasir musiqi nümunələrinin incə sintezi proqrama xüsusi ahəng və fəlsəfi dərinlik bəxş edib.

Konsert bir daha sübut edib ki, musiqi yalnız səslərdən ibarət deyil, insanın daxili dünyasına toxunan, ruhu sakitləşdirən və düşüncələri işıqlandıran güclü bir terapiyadır.