Dekabrın 18-i ömrünün 35 ilini Şuşa teatrına həsr etmiş mərhum sənətkar, Əməkdar artist Yadigar Muradovun (1958–2025) doğum günüdür.

Şuşa Dövlət Musiqili Dram Teatrından bildirilib ki, həmin gün sənət ocağında Yadigar Muradovun xatirəsi anılacaq və onun quruluş verdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Yadigar Muradov “Dağılan tifaq” dramını 2003-cü ildə səhnəyə qoyub. 2024-cü ildə tamaşanın quruluşu yenilənib və Şuşa teatrının yubiley (150 il) mövsümündə premyerası olub. Quruluşçu rejissor Yadigar Muradov, rejissor Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları ifa edirlər.