Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) folklorşünas alim, akademik Muxtar İmanov və tanınmış şair Rüstəm Behrudinin tələbələrlə görüşü keçirilib.

UNEC-in yaydığı məlumata görə, Rəqəmsal iqtisadiyyat fakültəsinin təşəbbüsü ilə təşkil olunan görüş “Rəqəmsal dövrdə ədəbiyyat” mövzusunda olub.

Fakültənin dekanı dosent Elman Cəfərov müasir dövrdə humanitar düşüncənin və ədəbiyyatın rəqəmsal transformasiya ilə paralel inkişafının vacibliyindən söz açıb. O, ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasında, dərin düşünmə və tənqidi yanaşma bacarıqlarının inkişafında, həmçinin mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynadığını vurğulayıb.

Akademik Muxtar İmanov çıxışında oxucu anlayışına fərqli prizmadan yanaşıb: “Oxucunun gündəlik mübarizəsi əslində insanın özü ilə, biliklə və düşüncə ilə apardığı daxili inkişaf yoludur. Bu gün innovasiya zaman və məkan sərhədlərini aradan qaldıraraq daha açıq və inklüziv mühit yaradır. Bu mühit təkcə bilik ötürmür, eyni zamanda, şəxsiyyətin, dəyərlərin və düşüncə tərzinin formalaşmasına xidmət edir. İnnovasiya yalnız texnologiya deyil, düşüncənin sərhədlərini genişləndirən və cəmiyyətə real töhfə verən bir dəyərdir”.

Görüşdə çıxış edən şair Rüstəm Behrudi şairliyin adi bir peşə olmadığını, onu digər sahələrdən fərqləndirən mənəvi mahiyyətə malik olduğunu bildirib. Zaman dəyişsə də, şeir insanın daxilindəki həqiqəti qorumağa, onu söz vasitəsilə yaşatmağa davam edir: “Şairlik öyrədilən deyil, yaradana bağlı olaraq insanın daxilində formalaşan bir haldır. Poeziya yalnız ağlın deyil, eyni zamanda ruhun dilidir və söz insanın iç dünyasından keçmədikcə oxucuya təsir göstərə bilmir”.

O, məşhur şeirlərini səsləndirərək, auditoriyada emosional mühit yaradıb. Şairi böyük maraqla dinləyən tələbələr ona suallar ünvanlayıblar.

Sonda Rüstəm Behrudi kitablarını imzalayaraq tələbələrə hədiyyə edib.