Tarixdəki olaylar

 

16 dekabr 1986 – Qazaxıstanda kütləvi antisovet çıxışı olub. Moskva tərəfindən Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə rus Q.Kolbinin təyin edilməsi Almatıda tələbələrin kütləvi aksiyasını doğurub. Aksiyalar üç gün sürüb və hərbi qüvvə tətbiqi ilə yatırılıb. Qazaxıstan müstəqilliyini elan edəndən sonra 16 dekabr Milli Dirçəliş Günü kimi qeyd edilir.

 

16 dekabr 1989 – Rumıniyanın macarlar yaşayan Timişoare şəhərində Nikolae Çauşeskunun kommunist diktaturasına qarşı üsyan başlayıb. Çauşesku etirazları yatırmaq üçün qoşun hissələri göndərdi, yüzlərlə insan həlak oldu. Lakin inqilabı yatırmaq mümkün olmadı və bir həftə içində Çauşesku rejimi süqut etdi. 25 dekabrda o, həyat yoldaşı Yelene Çauşesku ilə birlikdə edam edildi.

 

16 dekabr 1991 – Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. 

 

16 dekabr 2005 – Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Material Ehtiyatları Komitəsi ləğv edilərək onların funksiyaları Fövqəladə Hallar Nazirliyinə verilib. Bundan əlavə, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-in Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, “İzotop” kombinatı, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni nazirliyinin tabeliyinə verilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 – 26.3.1827) anadan olub.

 

16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775–1817) anadan olub.

 

16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866–1944) anadan olub.

 

16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898 – 1.3.1981) Bakıda anadan olub. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub. “Nizaminin portreti”, “Firdovsinin dəfni” və s. əsərlərin müəllifidir. 

 

16 dekabr 1909 – Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Cahangir Rəcəb oğlu Gözəlov (1909 – 7.9.1999) Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub.

 

16 dekabr 1922 – Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922 – 10.5.2001) Qubada doğulub. “Koroğlu” dastanını rus dilinə tərcümə edib.

 

16 dekabr 1927 – Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.

 

16 dekabr 1934 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (1934 – 18.4.1991) Bakının Əmircan kəndində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.

 

16 dekabr 1952 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (1952 – 28.5.2021) Şuşa şəhərində anadan olub.

 

16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (16.3.1940 – 1979) vəfat edib. Caz-muğamın yaradıcısıdır. Beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı olub.

 

16 dekabr 2011 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951–1988-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.

Hazırladı: Vüqar Orxan