Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. İncəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir.

Mədəniyyəti günləri çərçivəsində növbəti tədbir Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti olub.

Konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.

Konsertin ikinci hissəsində ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə ölkənin zəngin ənənələrini nümayiş etdiriblər.

Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodova “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı oxuyub. Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva çıxış ediblər. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, “Qarabağ” mahnısını da ifa edib.