Dekabrın 15-də Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, publisist Elmira Axundovanın Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” ikicildliyinin təqdimat mərasimi keçirilib.

Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev haqqında bir çox dəyərli nəşrlərin təqdimatı məhz Milli Kitabxanada keçirilib. Elmira Axundova Ulu öndər haqqında uzun illər ərzində gördüklərini, eşitdiklərini qələmə alıb, onunla çalışdığı illərdə aldığı müsahibələrdən ibarət kitablar yazıb. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görən ikicildliyin I cildində Ulu öndərin həyatının müxtəlif mərhələlərinin əks olunub, II cilddə isə görkəmli şəxsiyyətlərin, ziyalıların onun haqqında müsahibələri, söhbətləri yer alıb.

Görkəmli heykəltaraş, Xalq rəssamı Ömər Eldarov yaxından tanıdığı və uzun illər dostluq etdiyi dahi siyasi xadimin şəxsiyyətinə xas olan keyfiyyətlərindən danışıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu Ulu öndərlə 10 il çiyin-çiyinə çalışdığını vurğulayıb, onun mədəniyyətin bütün sahələrinə olan marağından danışıb. 

Azərbaycan Dillər Universitetinin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla Ulu öndərin ziyalılarla ünsiyyətindən bəhs edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov müəllifə Heydər Əliyevin zəngin irsini araşdıraraq təbliğ etdiyinə, onun mədəniyyətə verdiyi dəyəri geniş izah etdiyinə görə təşəkkür edib. Kitabı oxuyarkən Ulu Öndərin bir çox maraqlı tezislərinə rast gəldiyini qeyd edən nazir müavini “Ziyalılar xalqın milli sərvətidir” tezisini diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyinin Elmira Axundova ilə əməkdaşlığından danışıb, yeni kitabların nəşrinin nəzərdə tutulduğunu vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib ki, təqdimatına toplaşılan kitab olduqca dəyərlidir, çünki kitabda Azərbaycan tarixinin Ulu öndərlə bağlı olan dövründən bəhs edilir. 

Heydər Əliyevin və Azərbaycanın yaxın dostu, tanınmış jurnalist Mixail Qusman, Xalq artisti Yalçın Adıgözəlov, AYB-nin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli və digər çıxış edənlər kitab haqqında fikirlərini, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Elmira Axundova da sonda Ulu öndərlə bağlı xoş xatirələrini bölüşərək kitabın işıq üzü görməsinə görə Mədəniyyət Nazirliyinə, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxanaya, eləcə də bütün qonaqlara təşəkkürünü bildirib.