Tarixdəki olaylar

 

15 dekabr Dünya Türk Dili Ailəsi Günüdür. Bu günün tarixi qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların ilk dəfə danimarkalı alim Vilhelm Tomsen tərəfindən oxunması ilə bağlıdır. 15 dekabr 1893-cü ildə V.Tomsen bu barədə Danimarka Kral Akademiyasında məruzə edib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib. Türkdilli ölkələrin müraciəti əsasında UNESCO Baş Konfransının 43-cü sessiyasında (2025) 15 dekabr "Dünya Türk Dili Ailəsi Günü" ("World Turkic Language Family Day") elan edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 dekabr 1798 – İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli; 1798 – 14.2.1858) anadan olub.

 

15 dekabr 1905 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 – 5.3.1970) Qubada anadan olub. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.

 

15 dekabr 1909 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 – 13.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” və s.

 

15 dekabr 1910 – Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 – 8.11.1969) anadan olub. AMEA Tarix İnstitutunun direktoru işləyib.

 

15 dekabr 1912 – Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 – 4.7.1975) anadan olub. Mahnı və romansların, simli kvartet üçün əsərlərin müəllifidir.

 

15 dekabr 1913 – Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 – 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.

 

15 dekabr 1922 – Əməkdar incəsənət xadimi, rejissor Ulduz Saleh qızı Rəfili-Əliyeva (1922–2006) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb.

 

15 dekabr 1924 – Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə; 1924 – 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri olub.

 

15 dekabr 1939 – Əməkdar artist, vokal ifaçısı Rumiyyə Həmid qızı Kərimova (1939 – 5.12.2020) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru olub.

 

15 dekabr 1939 – Xalq artisti, müğənni Yalçın İmran oğlu Rzazadə (1939 – 22.2.2021) Lənkəranda doğulub. “Dan ulduzu” ansamblının, digər musiqi kollektivlərinin solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Qayınana”) mahnıları ifa edib.

 

15 dekabr 1999 – Əməkdar mədəniyyət işçisi, aşıq İmran Mehralı oğlu Həsənov (1928–1999) vəfat edib.

 

15 dekabr 2022 – Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Məmmədağa oğlu Rəcəbov (5.4.1941 – 2022) vəfat edib.

Hazırladı: Vüqar Orxan