Dekabrın 13-də 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil edilən ənənəvi sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir.
14 ölkənin qatıldığı sərgidə Azərbaycan da təmsil olunur. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi (Ankara) tərəfindən xüsusi stend qurulub.
Açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin direktoru Taner Beyoğlu, Türkiyə Naşirlər Birliyinin sədri Kenan Kocatürk, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TÜYAP Mədəniyyət Yarmarkaları Məsləhət Şurasının sədri Doğan Hızlan, digər rəsmilər iştirak ediblər.
Azərbaycan stendində ölkəmizin tarixi, mədəni irsi, klassik və müasir ədəbiyyatı ilə bağlı Azərbaycan və Türkiyə türkcəsində nəşr olunan kitablar yer alıb.
Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə müxtəlif panel iclaslar, təqdimat və imza mərasimlərinin keçirilməsi nəzərdə tutulur.























