Tarixdəki olaylar
14 dekabr 1846 – Çar I Nikolay Rusiyanın ələ keçirdiyi Cənubi Qafqazın yeni inzibati bölgüsü barədə fərman verib. 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.
14 dekabr 1919 – Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb. Noyabrın 23-də tərəflər arasında bağlanmış sazişə uyğun olaraq keçirilən konfrans ərazi mübahisələrinə həsr olunmuşdu. Lakin dekabrın 21-dək sürən konfrans nəticəsiz bitdi. Azərbaycan heyəti (XİN başçısı F.Xoyski, daxili işlər naziri M.Hacinski) sərhəd mübahisələrinin həllində israr etsə də, erməni tərəf müxtəlif bəhanələrlə bundan yayınıb, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmayıb. Bundan bir qədər sonra (yanvar 1920) erməni qüvvələri Zəngəzurda 50-dək azərbaycanlı kəndini talan etdilər.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 dekabr 1898 – Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 – 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
14 dekabr 1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (1915 – 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib, operada (Balaş – “Sevil”) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb.
14 dekabr 1924 – Hind aktyoru, rejissor Rac Kapur (Raj Kapoor; 1924 – 2.6.1988) anadan olub.
14 dekabr 1927 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (1927 – 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Ədəbiyyatşünaslıq, sənətşünaslıqla bağlı tədqiqatların da müəllifidir.
14 dekabr 1929 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. Ali Sovetin deputatı olub.
14 dekabr 1938 – Əməkdar incəsənət xadimi, kinorejissor Nazim Hüseynqulu oğlu Abbasov (1938 – 16.9.2000) Lənkəranda anadan olub.
14 dekabr 2011 – Xalq artisti, muğam və xalq mahnılarının bənzərsiz ifaçısı Qədir Çərkəz oğlu Rüstəmov (20.11. 1935 – 2011) vəfat edib.
14 dekabr 2023 – Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Ağarza oğlu Məlik (4.8.1943 – 2023) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan
























