14-15 dekabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (United Nations Alliance of Civilizations – UNAOC) 11-ci Qlobal Forumu keçirilir.
“UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili – Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderləri, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri qatılıb.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.
Həmçinin UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.
Nazir Adil Kərimlinin bir sıra görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.
Xatırlaqaq ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu 2016-cı ildə Bakıda keçirilib.





















