Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına salonunda görkəmli bəstəkar, Xalq artisti, professor, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli ”Əmək” ordenli Tofiq Bakıxanovun anadan olmasının 95 illiyinə həsr edilmiş müəllif konserti keçirilib.
ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə çıxış edərək məşhur Bakıxanovlar nəslinin nümayəndəsi, Qara Qarayev məktəbinin yetirməsi Tofiq Bakıxanovun yaradıcı və pedaqoji fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edir. Bunun bariz sübutu isə onun yubileyi münasibətilə keçirilən festivaldır. Festivalın proqramında bəstəkarın baletləri, ansambl əsərləri, romans və mahnıları, digər əsərləri təqdim olunur.
Tofiq Bakıxanovun uzun illər Bakı Musiqi Akademiyasında çalışdığını söyləyən Firəngiz Əlizadə bildirib ki, bu gün onun əsərləri ali məktəbin tədris repertuarına daxildir. Vurğulanıb ki, 1958-ci ildə ABİ-yə qəbul olunan və təşkilatda həmişə fəallığı ilə seçilən sənətkar bu gün ittifaqın ən yaşlı üzvüdür.
Bəstəkarın ad günündə, Azərbaycan Prezidentinin sərəncamına əsasən, 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmasını məmnunluqla qeyd edən ABİ sədri yubilyara ittifaqın təbrik qovluğunu təqdim edib.
Tədbir Tofiq Bakıxanovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Konsertin aparıcısı ABİ-nin baş məsləhətçisi Sevda Hüseynova olub.
Sonda Tofiq Bakıxanov öz əsərlərinin yeni not nəşrlərini ABİ-yə təqdim edərək konsertin təşkilinə və səmimi təbriklərə görə minnətdarlıq edib, ifaçılara təşəkkürünü bildirib.
























