Respublika Uşaq Kitabxanasında paytaxtdakı 164 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə kitabxananın əməkdaşı Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, milli mədəni irsin qorunması və gənc nəslin hərtərəfli inkişafı istiqamətində müstəsna xidmətlərindən söz açıb.

Məktəblilər Ümummilli liderin zəngin həyat yolu və fəaliyyəti barədə çıxışlar edib, onun obrazını, doğma Vətənimizi tərənnüm edən şeirlər söyləyiblər.

Səməd Vurğunun “Azərbaycan”, Fikrət Qocanın “Vətən oğlu”, Rüstəm Yusifoğlunun “Ulu öndər”, Qabil Ədalətin “Ulu bir sərkərdə, ulu bir öndər”, Zəminə Bayramovanın “Ulu öndər – Heydər atamız” və s. şeirlər səslənib.

Məktəblilərə vətənpərvərlik ideyalarının aşılanması və Heydər Əliyevin irsinin təbliğinə xidmət edən tədbirdə Ulu öndərin həyat və fəaliyyəti haqqında slayd, Zahirə Cabirin “Heydər zirvəsi” hekayəsi əsasında hazırlanmış videoçarx da nümayiş olunub.

Sonda uşaqlara Respublika Uşaq Kitabxanasının “Göy qurşağı” jurnalı təqdim olunub.