Tarixdəki olaylar
12 dekabr 1727 – Rusiya ilə Səfəvi dövləti arasında Nabur sülh müqaviləsi imzalanıb. Şamaxı yaxınlığındakı Nabur kəndində (indiki Qobustan rayonunun ərazisi) imzalanan müqavilə ilə Şirvan bəylərbəyliyinin Cavad, Salyan, Quba əraziləri Rusiyanın nəzarətinə keçib.
12 dekabr 1945 – Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət qurulub. Tarixə 21 Azər (12 dekabr) Hərəkatı kimi düşən Milli Hökumətin ömrü bir il oldu. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi və o, 1946-cı ilin dekabrında süqut etdi.
12 dekabr 1999 – Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə formalaşıb.
12 dekabr 2003 – Azərbaycan xalqının Ümummilli lideri, eks-prezident Heydər Əliyev ABŞ-nin Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycanda 7 günlük matəm elan olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 dekabr 1863 – Norveç rəssamı Edvard Munk (Edvard Munch; 1863 – 23.1.1944) anadan olub.
12 dekabr 1915 – Amerikalı müğənni, aktyor Frenk Sinatra (Francis Albert Sinatra; 1915 – 14.5.1998) anadan olub.
12 dekabr 1926 – Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 – 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.
12 dekabr 1928 – Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatov (1928 – 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
12 dekabr 1931 – Tanınmış aktyor Tələt Əliağa oğlu Rəhmanov (1931 – 13.11.1995) Bakıda anadan olub. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərdə çəkilib.
12 dekabr 1936 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (1936 – 20.2.2021) Şəki şəhərində anadan olub. Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.
12 dekabr 1937 – Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 – 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub.
12 dekabr 1939 – Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Balağa oğlu Əliyev (1939 – 8.3.2016) Bakıda anadan olub. “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərinə quruluş verib.
12 dekabr 2002 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 12.3.1933 – 2002) vəfat edib. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən?”, “Tələbəlik illəri” və s.) bəstələnib.
12 dekabr 2007 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 – 2007) vəfat edib. Əsərləri: “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Çəmbərəkənd balladası” və s.
Hazırladı: Vüqar Orxan
























