Alimin arxivindən nadir nüsxə – Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib

Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, cərrah, professor Cavad Heyətin (1925–2014) anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbir çərçivəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazması Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub.

Bu barədə kitabxanadan məlumat verilib.

Nəstəliq xətti ilə 1586-cı ildə (hicri təqvimlə 994-cü il) katib Qulami-Süpahi Məhəmməd tərəfindən üzü köçürülmüş və türkoloq alimin arxivində olmuş bu nadir nüsxəni Cavad Heyətin qardaşı oğlu Məmmədrza Heyət Milli Kitabxanaya təqdim edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbirin Ulu öndər Heydər Əliyevin anım günü (12 dekabr) ərəfəsinə təsadüf  etdiyini vurğulayaraq onun Azərbaycan mədəniyyətinə, o cümlədən Milli Kitabxanaya göstərdiyi xüsusi diqqətdən bəhs edib. Ümummilli liderin 1995-ci ildə Azərbaycan Milli Kitabxanada tədbirdə iştirak edərkən öz şəxsi kitabxanasından 300 nüsxəni kitabxanaya bağışladığı diqqətə çatdırılıb.

“Ulu öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar”, - deyə Kərim Tahirov vurğulayıb.

Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edən direktor Cavad Heyətin mənəvi varisi Məmmədrza Heyətinin təşəbbüsünü yüksək qiymətləndirərək ona kollektiv adından minnətdarlığını bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Cavad Heyətin ən çətin dövrdə belə ölkəmizi dünyaya tanıtmaq uğrunda mübarizəsindən, əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib.

Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalını çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsini heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkası, daim mənbələrə istinad etməsi, mədəniyyət tariximizdə müstəsna yeri olduğu barədə bəhs edib. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Cavad Heyətin həkim və türkoloq alim kimi fəaliyyətindən söz açıblar.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov də Cavad Heyətin çoxşaxəli fəaliyyətindən bəhs edib, Milli Kitabxanaya təqdim olunan nadir əlyazmanın Azərbaycan elm və mədəniyyətinə töhfə olduğunu deyib.

Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, ona verilən bu dəyərə görə təşəkkür edib.

Tədbirdə professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi də iştirakçılara təqdim edilib.