Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Ulu öndər Heydər Əliyevin anım gününə (12 dekabr) həsr olunan “Xalqının qəlbində əbədi yaşayan dahi şəxsiyyət” mövzulu tədbirin bədii hissəsində çıxış ediblər.
Tədbir Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında keçirilib.
Rəsmi hissədə şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev bütün Türk dünyasında xatirəsi ehtiramla anılan dahi şəxsiyyətdir. Recep Öztop vurğulayıb ki, Mustafa Kamal Atatürk ilə Heydər Əliyevi bir çox xüsusiyyət birləşdirir. Hər iki lider ölkələrinin parçalanmasının qarşısını almaq və milli dövlət yaratmaq üçün böyük işlər görmüşlər. Heydər Əliyevin “Biz bir millət, iki dövlət” sözləri ümumi köklərimizi və qardaşlıq münasibətlərimizi gözəl ifadə edir.
Anım tədbirində Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən film nümayiş olunub.
Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri – Xalq artistləri Sevinc İbrahimova, Rəfael Bayramov, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənni Elmir Pişnamazzadə instrumental heyətin müşayiəti ilə Ulu öndərə həsr olunan mahnılar, vətənpərvərlik ruhlu musiqi nömrələri ifa ediblər.






















