Dekabrın 9-u dünyada Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.
2003-cü ilin 9 dekabr tarixində Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda BMT Baş katibinin xüsusi nümayəndəsi Hans Korella korrupsiyaya qarşı beynəlxalq mübarizə gününün təsis olunması haqda qərarı elan edərək həmin konfransa toplaşmış 100-dən çox ölkənin nümayəndələrini konvensiyanı imzalamağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl BMT Baş Assambleyanın 2003-cü il 31 oktyabr tarixli 57/169 nömrəli Qətnaməsi ilə təşkilatın Korrupsiya əleyhinə Konvensiyası qəbul olunmuşdu. Azərbaycan bu Konvensiyaya Prezident İlham Əliyevin 30 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə (müvafiq qeyd-şərtlər və bəyanatlarla) qoşulub.
Qeyd edək ki, Azərbaycanda da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun mövcuddur. Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib.
İndiyədək ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006), Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011) “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”, “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunub.
Bu istiqamətdə tədbirlərin davamı olaraq dövlət başçısının 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-ci illər üçün Milli Fəaliyyət Planı” da təsdiq edilib.



















