Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Universitetin 50 illik yubileyi çərçivəsində elektron kitabxananın 1 saylı tədris korpusunda yeni oxu zalı istifadəyə verilib.

AzMİU-dan bildirilib ki, rektor Gülçöhrə Məmmədova yeni oxu zalında yaradılan şəraitlə tanış olub. Qeyd edib ki, tələbələrin elmi-tədqiqat mühitinin müasirləşdirilməsi universitetin strateji inkişaf prioritetləri sırasındadır. Son illərdə AzMİU-da tədris mühitinin yenilənməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Yeni oxu zalının istifadəyə verilməsi isə bu prosesin məntiqi davamıdır. Oxu zalı tələbələrin elmi mənbələrə operativ çıxışını təmin etmək məqsədilə yaradılıb. Məkanda rəqəmsal resurslardan rahat istifadə imkanı təmin olunub ki, bu da tələbələrin müstəqil öyrənmə və tədqiqat imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədov oxu zalının texniki imkanları barədə ətraflı məlumat verərək bildirib ki, məkanda yüksəksürətli Wi-Fi şəbəkəsi, müasir kompüter avadanlıqları və komfortlu iş mühiti yaradılıb. O, tələbələrin şəxsi notbuk və planşetləri ilə də elektron resurslardan sərbəst faydalana biləcəklərini vurğulayıb.

Elektron kitabxananın müdiri Aytən Rəhmanova qeyd edib ki, son illərdə elektron resurslara maraq sürətlə artmaqdadır və istifadəçi sayının çoxalması fonunda yeni oxu zalına ciddi ehtiyac yaranıb. Onun sözlərinə görə, bu məkan tələbələrə informasiya resurslarını daha çevik və rahat şəkildə əldə etməyə imkan verəcək.

Elektron kitabxanadakı kitablar əsasən Azərbaycan, rus və ingilis dillərindədir. Buradakı kitabların və elektron materialların sayı əhəmiyyətli dərəcədə artırılıb. Hazırda ümumi resurs sayı 510 mindən çoxdur. Elektron kataloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır. Kataloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bu kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər materiallarla bağlı zəruri məlumatlar da elektron kataloqlarda yerləşdirilib.