Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumda üç panel iclas olub.
"Mədəniyyət və hüquq" adlı panelə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova moderatorluq edib.
Paneldə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Hüseynli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı hüquq üzrə fəlsəfə doktoru Erkin Qədirli, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, kulturoloq, tarix elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov, hüquqşünas, tədqiqatçı Emil Məcidov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, mədəniyyət yalnız bir incəsənət və ya irs sahəsi kimi deyil, həm də hüquq sisteminin və dövlət idarəçiliyinin formalaşmasında, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Panel iştirakçıları Azərbaycan mədəniyyətinin qorunması, milli dəyərlər çərçivəsində saxlanması və qlobal çağırışlar fonunda beynəlxalq arenada tanıdılması məsələlərinə diqqət çəkiblər.
Hüquq və mədəniyyətin qarşılıqlı təsiri, mədəniyyətin hüquqi normativlər və dövlət siyasəti ilə inteqrasiyası, mədəni irsin qorunması üçün hüquqi mexanizmlərin tətbiqi, eləcə də hüquqi çərçivədə mədəniyyət sahəsində strateji qərarların verilməsi məsələlərinə toxunulub.
***
"Azərbaycan Respublikasının Konstitusiyası və mədəni dəyərlərimiz" mövzulu paneldə moderator ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov olub.
Paneldə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, BDU-nun Hüquq fakültəsinin insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı dosent Zaur Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova çıxış ediblər.
Panel iştirakçıları mədəniyyətin diplomatiya və strateji əməkdaşlıq sahəsindəki əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, mədəniyyət yumşaq güc rolunu oynayaraq ölkənin beynəlxalq imicini formalaşdırır, iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində Azərbaycanın tanıdılmasına xidmət edir və qlobal miqyasda ölkəmizin nüfuzunu artırır. Bu baxımdan mədəniyyət yalnız milli dəyərlərin qorunması üçün deyil, həm də xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün strateji resurs kimi dəyərləndirilib.
***
Forumun sonuncu paneli “Mədəniyyətin beynəlxalq münasibətlər sistemində yeri” mövzusuna həsr olunub.
Panelin moderatoru mədəniyyət nazirinin müavini Fərid Cəfərov olub.
Paneldə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Xarici İşlər Nazirliyinin Beynəlxalq məhkəmə və arbitraj işləri şöbəsinin müdiri Bədir Bayramov, BDU-nun Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının professoru Əmir Əliyev çıxış ediblər.
Mədəniyyətin beynəlxalq hüquq müstəvisində yeri, dövlətlərarası münasibətlərdə mədəni diplomatiyanın artan rolu, mədəniyyətin “yumşaq güc” kimi qlobal təsir mexanizmlərindəki əhəmiyyəti təhlil olunub. Vurğulanıb ki, mədəni irsin qorunması və dünya birliyi ilə paylaşılması yalnız mədəni siyasət deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın sabitliyini və qarşılıqlı etimadı gücləndirən mühüm faktordur.
Paneldə həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq, mədəniyyət sahəsində hüquqi öhdəliklər, mədəni irsin müdafiəsi, eləcə də qlobal miqyasda mədəni müxtəlifliyin təşviqi mövzularına toxunulub. Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsi ölkənin xarici siyasətinin vacib komponenti kimi çıxış edir və beynəlxalq arenada ölkəmizin nüfuzunun güclənməsinə xidmət edir.
























