Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində (5–9 dekabr) keçirilib.
Bağlanış mərasimində çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını, layihəyə marağın ildən-ilə artdığını bildirib: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
***
“Bu il Bakı Beynəlxalq Film Festivalının 16-cı ilini qeyd edirik. Uzun illər Azərbaycanda tammetrajlı filmlərə həsr olunan festival keçirilmirdi. Son üç ildə isə biz qərara gəldik ki, ölkəmizdə məhz tammetrajlı filmlər üzrə festival təşkil olunmalıdır. Çünki bu, Azərbaycan kinosunun yeni mərhələyə keçidində birbaşa təkanverici rol oynaya bilər”.
Festivalın direktoru Fehruz Şamıyev bunu mediaya açıqlamasında deyib.
O bildirib ki, debüt tammetrajlı filmlər festivalı kimi Bakı Beynəlxalq Film Festivalı həm Yaxın Şərq, həm də Şərqi Avropa ölkələrinin diqqətini cəlb edib. Kinoda yeni imzaların kəşf olunması baxımından debüt tammetrajlı filmlərin nümayişi xüsusi əhəmiyyət daşıyır.
“Bakı Beynəlxalq Film Festivalı tammetrajlı filmlərin müsabiqəsi kimi uzun illərdən sonra Azərbaycan kino mühitində yeni bir mərhələ açmış oldu”, – deyə Fehruz Şamıyev vurğulayıb.

























