Tarixdəki olaylar

 

8 dekabr 1991 – Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejsk” qoruğundakı hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Dekabrın 21-də 11 sovet respublikasının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. Baltikyanı respublikalar yeni birlikdən imtina etdilər, Gürcüstan isə 1993-cü ildə MDB-yə daxil oldu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832 – 26.4.1910) anadan olub.

 

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius; 1865 – 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals” və s. əsərlərin müəllifidir.

 

8 dekabr 1901 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

 

8 dekabr 1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Dram Teatrının aktyoru olub, kinoda (“Lətif”, 1930) çəkilib.

 

8 dekabr 1909 – Xalq artisti Nina Dmitriyevna Sarnatskaya (1909 – 6.4.1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.

 

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914 – 11.9.2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

8 dekabr 1939 – Əməkdar artist, rejissor Rövşən Məmmədqulu oğlu Abdullayev (1939–1995) anadan olub. Sənədli televiziya filmləri çəkib. 

 

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.

 

8 dekabr 1946 – Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov (1946 – 21.2.1988) Göyçayda doğulub. Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

 

8 dekabr 1980 – Dünyaşöhrətli ingilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 – 1980) vəfat edib.

 

8 dekabr 2021 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (8.8.1936 – 2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan