Dekabrın 5-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə müəllifin “Sehrbazlar dərəsi” əsərinin tamaşası nümayiş olunub.

Teatrdan verilən məlumata görə, tamaşadan əvvəl Kamal Abdullanın yaradıcılığına nəzər salınıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov yazıçı ilə Bakıda 190 nömrəli məktəbdə oxuduqlarını yada salıb: "Mən onun yaradıcılığı ilə həmişə maraqlanmışam, izləmişəm, oxumuşam. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş olundu. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim. O mistikanın içində elə bir reallıq var idi ki, insanı düşünməyə vadar edirdi. Kamal Abdulla Azərbaycan ədəbiyyatının gələcəyi üçün də böyük işıqdır. Bütür teatr ictimaiyyəti adından Kamal Abdullanı ürəkdən təbrik edirəm”.

Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.

Dünya Azərbaycanlıları Alimlər Birliyinin sədri professor Məsud Əfəndiyev qeyd edib ki, Kamal Abdulla böyük yazıçı olmaqla yanaşı, həm də böyük elm xadimidir. Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür. Kamal Abdulla elmə necə xidmət edirsə, elm də ona hörmət edir”.

Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Nə gözəl ki, vaxtilə Azərbaycan ədəbiyyatına belə bir intellektual şəxsiyyət gəldi. Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi. 1979-cu ildə Kamal müəllim Dədə Qorqdu dastanı ilə bağlı görkəmli türkoloqların qarşısında mövzunu müdafiət etdi və Bakıya gəldi. O həm də teatrın doğma simasına çevrildi. Kamal müəllimin “Unutmağa kimsə yox” pyesi mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda çox gözəl alındı və o bu minvalla həm də dramaturq kimi şöhrət qazandı”.

Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri söyləyib.

Müğənnilər Zabitə Alıyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səslənib.

Daha sonra yazıçının eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.