Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” tamaşasının növbəti nümayişi (30 noyabr) Azərbaycanın görkəmli sənətkarı, unudulmaz aktyor Səməndər Rzayevin (1945–1986) 80 illik yubileyinə həsr olunub.
Tamaşanın nümayişindən əvvəl aktyorun həyat və sənət yoluna nəzər salınıb. Vurğulanıb ki, Səməndər Rzayev vaxtilə “Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradıb.
Xalq artisti Rafiq Əzimov Səməndər Rzayevin Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə bəxş etdiyi böyük töhfələrdən söz açıb.
Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini İlham Namiq Kamal sənətkar haqqında xatirələrini bölüşüb.
Sonra “Dəli yığıncağı” tamaşası nümayiş olunub.
Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Musiqi tərtibatı Xalq artisti Siyavuş Kərimiyə, səhnə tərtibatı Xalq rəssamı Nazim Bəykişiyevə, səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur. İşıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.
Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Əli Nurzadə (Kərbəlayi Türbət), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov (Formasyon Rüstəm), Aslan Şirin (Həmzat Qurban), Mətləb Abdullayev (Şimrəli Çavuş), Əlvida Cəfərov (Hacı Məhəmmədəli), Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Məzahir Cəlilov (Hacı Bağdad), Mətanət Atakişiyeva (Məşədi Zeynəb), aktyorlar Vüsal Mustafayev (Sərsəm Salman), İlyas Əhmədov (Cinni Mustafa), Rüstəm Rüstəmov (Hacı Xudaverdi), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Lalə Süleymanova, Nərminə Məhərrəmova çıxış ediblər.
























