Tarixdəki olaylar

 

7 dekabr 1918 – Bakıda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Qızlar məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutunun binası) Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlayıb. “Müsavat” fraksiyasının (lideri M.Ə.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. 120 yerlik parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı. Parlamentdə 80 azərbaycanlı, 21 erməni, 10 rus deputat vardı. Alman, yəhudi, gürcü və polyak icmalarının hərəsinə 1 yer, həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi.

 

7 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında İstiqlal Muzeyi açılıb. Muzeyin yaradıcıları sənətşünaslar Hüseyn Mirzəcаmаlov və Məhəmməd Ağayev idi.

 

7 dekabr 1941 – ABŞ II Dünya müharibəsində ən böyük itkiyə məruz qalıb. ABŞ Hərbi Hava Qüvvələrinin Havay adalarındakı (Sakit okean) Perl-Harbor bazası Yaponiya təyyarələrinin hücumuna məruz qalıb. Bombardman nəticəsində ABŞ-nin bazadakı donanması (18 gəmi, 200 təyyarə) sıradan çıxarılıb, 3 mindən çox hərbçi  həlak olub. Amerikalılar Perl-Harborun qisasını 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmaqla aldılar.

 

7 dekabr 1988 – Ermənistanda baş verən 7,2 bal gücündə zəlzələ (episentri Spitak şəhəri) nəticəsində 20 minə yaxın adam həlak olub. Bu hadisə ilə dünyanın humanitar diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deportasiyasını başa çatdırdı, dünya isə bunu faktiki olaraq görmədi.

 

7 dekabr 2017 – UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında (Koreya Respublikası) Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na salınıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 dekabr 1598 – İtalyan memarı və heykəltaraşı, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 – 28.11.1680) anadan olub.

 

7 dekabr 1924 – Kinorejissor Kamil Aslan oğlu Rüstəmbəyov (1924 – 29.1.1991) Bakıda doğulub. “Aygün” bədii televiziya filminə, “Azərbaycanfilm”də “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə) kimi məşhur ekran əsərlərinə quruluş verib.

 

7 dekabr 1926 – Rusiyanın Xalq artisti Pyotr Sergeyeviç Velyaminov (1926 – 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, “Çelyuskinçilər” və s.

 

7 dekabr 1947 – Sənətşünaslıq doktoru, professor Cəmilə Yusif qızı Həsənzadə (1947 – 27.8.2022) Bakıda doğulub. Azərbaycan miniatür sənətinin tədqiqatçısı, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi olub.

 

7 dekabr 1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.

 

7 dekabr 2010 – Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933–2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) bəstələnib.

 

7 dekabr 2010 – Əməkdar rəssam İsmət Şirəli oğlu İsmayılov (14.7.1924 – 2010) vəfat edib. Şəki İpək Kombinatının parça tərtibatı üzrə rəssamı olub.

 

7 dekabr 2021 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Qara İbrahim oğlu Məşədiyev (15.5.1939 – 2021) vəfat edib. 50 ildən artıq AMEA-nın Dilçilik İnstitutunda çalışıb, Onomastika və Azərbaycan dilinin Toponimikası şöbələrinin müdiri olub.

Hazırladı: Vüqar Orxan