Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilib.
Tədbirdə bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və paytaxtdakı bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə genişmiqyaslı qastrol səfərləri təşkil edilir. Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.
Konsert proqramında orkestrin üzvləri və solistlərin (Nurlana Abdullayeva, Vidadi Paşayev, Vüsal Qasımov, Səməd Babayev, Bəxtiyar Quliyev, Şaiq Əsədov, Kamal Nuriyev, Fidan Məmmədzadə, Rəvan Qaçayev, Anar Yusub, Mədinə Səlimova və Riyad Eyvazov) ifalarında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin sevilən xalq mahnıları təqdim olunub.
Xaçmazlı musiqisevərlər ifaları alqışlarla qarşılayıblar.
Orkestrinin bədii rəhbəri və dirijoru respublika və beynəlxalq müsabiqələr laueratı, Prezident mükafatçısı Mustafa Aşurovdur.
























