Dekabrın 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şair Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyinə həsr olunmuş “Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.  

AMEA-ın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qasımova, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, digər çıxış edənlər Bəxtiyar Vahabzadənin poeziyası, ana dilinə, vətənə və milli dəyərlərə həsr etdiyi əsərləri haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olmaqla yanaşı, dramaturq, ədəbiyyatşünas, elm xadimi kimi həm Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb, həm də milli düşüncənin, Vətənin, ana dilinin, azadlıq və birlik ideyalarının poeziyada ifadəsinin öncüllərindən biri olub.

Şairin “Gülüstan”, “Muğam”, “Vicdan”, “Ana dili”, “Vətən oğlu” kimi poemaları və çoxsaylı lirik şeirləri geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanıb. Bəxtiyar Vahabzadənin filologiya elminin inkişafında da mühüm xidmətlər göstərib. Onun yaradıcılığı bədii gücü, milli ruhu və vətənpərvərlik məzmunu ilə seçilib.

1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri və görmə məhdudiyyətli uşaqlar şairin seçilmiş poeziyasından nümunələri böyük duyğu ilə səsləndiriblər.

Tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi, milli kimlik və mədəni dəyərlərə hörmət hisslərini gücləndirmək, həmçinin Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını tanıtmaq olub.