Dekabrın 5-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlunun “Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabının müzakirəsi keçirilib.
Tədbir Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.
AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev nəşri Azərbaycan ədəbiyyatı, folklorşünaslığı, elmi-ictimai fikrinə dəyərli töhfə kimi dəyərləndirib. O, əsərdə Fridrix Martin fon Bodenştedtin Tbilisidən İrəvana səfərinin həm folklorşünaslıq, həm tarixşünaslıq, həm də diplomatiya baxımından əhatəli təsvir olunduğunu bildirib. Qeyd edib ki, müəllif ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığı kontekstində kollektiv və kommunikativ yaddaş anlayışlarını tətbiq edərək səfərin mədəni kodlarını şərh edib.
“Məti Osmanoğlu nəzəri məsələləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, bölgədə hətta gürcü və erməni məclislərində belə dominant dil Azərbaycan dilidir. Bodenştedtin də təsvirlərindən aydın görünür ki, İrəvandakı məclislərdə dominant dil Azərbaycan dilidir. Bu fakt yalnız dilin istifadəsi ilə məhdudlaşmır, onun arxasında geniş tarixi-mədəni təcrübə və emosional-mənəvi təsir dayanır”, – deyə o əlavə edib.
Kitabın elmi redaktoru, BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov bildirib ki, tədqiqat uzun illər ərzində Azərbaycanda “şeir oğrusu” kimi tanınan alman yazıçısı Fridrix fon Bodenştedtin şəxsiyyəti ilə bağlı fərqli yanaşma və sual ortaya qoyur. Bodenştedtin təxminən iki il ərzində Azərbaycanda olduğunu söyləyən Elçin Məmmədov onun həmin müddətdə dilimizi lazımi səviyyədə öyrəndiyini və Azərbaycan ədiblərinin əsərlərini öz anladığı formada alman dilinə çevirdiyini deyib.
O, Bodenştedtin Mirzə Şəfi ilə münasibətlərindən də bəhs edərək, alman yazarın Qafqaz xalqlarının tarixi, dili, mədəniyyəti ilə bağlı tədqiqatlarının önəminə toxunub. Qeyd edib ki, Bodenştedt Qafqaz gerçəkliklərinə şair kimi deyil, həm də tarixçi və siyasi şərhçi mövqeyindən yanaşıb. Onun Qafqazla bağlı irəli sürdüyü ən mühüm tezislərdən biri bu coğrafiyada məskunlaşmış türk etnosunu Qafqazın ən qədim aborigen etnoslarından biri kimi təqdim etməsidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı kitabda bir əsrdən çoxdur cəmiyyəti düşündürən “Bodenştedt oğrudurmu?” mövzusunun ətraflı şərh olunduğunu bildirib. O, nəşrin Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən də maraqla qarşılandığını deyib. Qeyd edib ki, böyük zəhmət hesabına ərsəyə gələn bu kitab bir sıra sirlərin üstünün açılmasına rəvac verə və gələcək tədqiqatlara işıq sala bilər.
Digər çıxışlara kitabın elmi əhəmiyyəti, yanaşmaların yeniliyini vurğulanıb.
Tədbirin sonunda Məti Osmanoğlu bildirib ki, bu müzakirə yalnız kitabın təqdimatı deyil, həm də yaddaşın, mədəniyyətin və elmi düşüncənin bir araya gəldiyi mühüm bir platformadır.























