Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilib.

 

Konfransda dünyanın 60-dan çox ölkəsindən qonaq, Azərbaycandan ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

 

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən qısa film nümayiş etdirilib.

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

 

Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmin etmək olduğunu deyib və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırıb.

 

Türkiyə Böyük Millət Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırıb və Qərbi azərbaycanlıların deportasiyalarının insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu qeyd edib. Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan natiq Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırıb və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirib.

 

Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

***

 

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panelində çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı, fransalı tarixçi Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer, eləcə də İspaniyanın Pan-Avropa təşkilatını təmsil edən professor Carlos Uriarte beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerindən və Ermənistanın üzərinə düşən humanitar öhdəliklərdən bəhs ediblər

 

Böyük Britaniyadan Klaus-Peter Ralf Juergensin moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.

 

Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi “Qeyri-maddi irs – aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr” mövzusuna həsr edilən üçüncü paneldə çıxış edən Bolqar Elmlər Akademiyasının professoru Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Ornela Ramasauskaite, İordaniya Haşimi Universitetindən professor Moh’d Vahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberg çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğulayıblar.

 

ABŞ-ın Qrinsboro Universitetinin professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin dekanı İbrahim Ethem Atnur, Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkəsinin federal direktoru Urs Emil Unkauf, Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs və Qırğızıstandan sabiq səfir, Kairat Osmonaliyev qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin səmərəli tətbiqindən danışıblar.

 

Tədbir Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpasının təkcə tarixi ədalət deyil, həm də regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması üçün mühüm şərt olduğunu bir daha təsdiqləyib. Qərbi azərbaycanlıların qaçqınlıq həyatı, onların maddi və qeyri-maddi irsinin sistemli şəkildə dağıdılması, təhrif edilməsi və mənimsənilməsi ilə bağlı geniş məlumat əldə edən konfrans iştirakçıları mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış ediblər.

 

Sonda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın yekun sənədi oxunub.