Tarixdəki olaylar
6 dekabr 1881 – Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon rabitə xətti istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
6 dekabr 1917 – Çar Rusiyasının müstəmləkəsi Finlandiya müstəqilliyini elan edib. Finlandiya 1809-cu ildə Rusiya-İsveç müharibəsi gedişində İsveç Krallığının nəzarətindən çıxarılaraq muxtar knyazlıq statusu ilə Rusiyaya birləşdirilmişdi.
6 dekabr 1920 – Azərbaycan İnqilab Komitəsi (hökumət) “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” dekret verib. Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi 1921-ci ilin yanvarında fəaliyyətə başlayıb.
6 dekabr 1993 – Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı ilk işçi qrup – müvəqqəti komissiya yaradılıb. Komissiyanın fəaliyyəti qeyri-qənaətbəxş olduğundan 1994-cü ilin mayında onun tərkibi yeniləndi. Lakin yeni tərkib də real fəaliyyət göstərə bilmədi. Ölkədə yaşanan mürəkkəb proseslər, dövlət çevrilişi cəhdləri və s. prosesi ləngitdi. Nəhayət, 1995-ci ilin mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və Əsas Qanunun layihəsi hazırlandı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841 – 28.11.1870) anadan olub.
6 dekabr 2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.
6 dekabr 2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
6 dekabr 2013 – Əməkdar incəsənət xadimi, rəssam, qrafika ustası Elmas Mirmehdi oğlu Hüseynov (14.5.1937 – 2013) vəfat edib.
6 dekabr 2021 – Tanınmış tarixçi alim, professor Aydın Hüseynağa oğlu Balayev (19.11.1956 – 2021) vəfat edib.
6 dekabr 2022 – Əməkdar mədəniyyət işçisi, sənətşünas Toğrul Rasim oğlu Əfəndiyev (1.1.1960 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















