Dekabrın 5-də Nizami Kino Mərkəzində 16-cı Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Mərasimdə Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev çıxış edərək Azərbaycan və dünya kinosu nümunələrini və kino təmsilçilərini bir araya gətirən festivalın məqsədlərindən danışıb, bütün iştirakçılara uğurlar, onlarla film arasından ən yaxşılarını seçməli olan münsiflər heyətlərinə isə bəri başdan təşəkkür edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə kino sənətinin inkişafı istiqamətində görülən işlərdən, bu qəbildən festivalların milli kinonun təbliğində rolundan bəhs edib.
Festivalın tərəfdaşlarından olan “British Council Azərbaycan"ın direktoru Nərgiz Hacıyeva hər il baxış proqramında Britaniya kinosu nümunələrinə – BAFTA mükatatçısı və nominantlarına da yer ayıran Bakı Beynəlxalq Film Festivalına uğurlar arzulayıb.
Mərasimdə festivalın beynəlxalq və yerli fillmlər bölmələri üzrə münsiflər heyətinin üzvləri də səhnəyə dəvət olunaraq ürək sözlərini bildirib, festivalın əhəmiyyətindən bəhs ediblər.
Məlumat verilib ki, bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün ərzində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi kino tənqidçisi, ssenarist Nadir Bədəlov (Azərbaycan), iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının “Ən yaxşı prodüser” mükafatına layiq görülən Zeynəb Atakan (Türkiyə), Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kinomütəxəssis İqor Soukman qiymətləndirəcək.
Festivalın "Yerli müsabiqə" proqramında 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə 5 tələbə filmi yarışır. Bu proqramın münsifləri rejissor, prodüser Fariz Əhmədov, iranlı rejissor, prodüser Rza Siami, kino tənqidçisi Sevda Sultanova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova qiymətləndirəcəklıər.
Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri Faruk Güvən, rejissor Rüfət Əsədov, Yeni Zelandiyadan tənqidçi və film proqramçısı Karmen Qrey beynəlxalq qısametrajlı film müsabiqəsinin jüri üzvləridir.
"Asiya istedadları müsabiqəsi"nin jüri heyətində prodüser Əli-Səttar Quliyev, “Şərq-Qərb. Klassika və avanqard” beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev (Rusiya) və kinorejissor, operator Daniel Quliyev yer alıb.
Xatırladaq ki, Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı “Qızıl nar”dır. Bununla yanaşı, festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində reallaşır.
Festivalın bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da Nizami Kino Mərkəzində olacaq.
























