4-5 dekabr tarixlərində Azərbaycanın dünyaca məşhur kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq təşkil olunub.
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfransın ilk günü Bakıda, AMEA Rəyasət Heyətinin binasında, ikinci günü Naxçıvan Dövlət Uniersitetində keçirilib.
AMEA-nın Rəyasət Heyətinin binasında konfransın açılış mərasimindən öncə tədbir iştirakçıları akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış ediblər.
Yusif Məmmədəliyevin Azərbaycanın elm tarixində neft kimya məktəbinin banisi olduğunu vurğulayan İsa Həbibbəyli görkəmli alimin Elmlər Akademiyasına rəhbərliyi dövründə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, həmin dövrdə Əlyazmalar Fondu, Şamaxı Astrofizika Rəsədxanası yaradılıb, Qobustan abidələrinə, “Kitabi-Dədə Qorqud” dastanına dair mühüm tədqiqatlar aparılıb.
Rafael Hüseynov akademik Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları, onun mədəniyyətə bütün ruhu və varlığı ilə bağlı bir insan olduğunu diqqətə çatdırıb, görkəmli alimin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə dostluq münasibətlərindən danışıb.
AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Ulu öndər Heydər Əliyev tərəfindən alimin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bu gün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Sevda Məmmədəliyeva Yusif Məmmədəliyevin xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib, yubiley konfransının təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Konfrans çərçivəsində ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciətləri dinlənilib.
Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş edilib.
Daha sonra bir sıra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər.
Beynəlxalq konfransda “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib.
***
Dekabrın 5-də beynəlxalq konfrans Naxçıvan Dövlət Universitetində davam edib.
Tədbir çərçivəsində NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyev adına Tədris-tədqiqat mərkəzi istifadəyə verilib.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev - 120” adlı kitab sərgisinə və foto və sənədlərdən ibarət guşəyə baxış olub.
Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib.
Universitetin heykəltaraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib. NDU Konservatoriyası simfonik orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib.
Konfrans iştirakçıları Yusif Məmmədəliyevin Naxçıvandakı ev-muzeyini də ziyarət ediblər.



























