Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir.

Müvafiq qanun layihəsi dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Təqdim edilən qanun layihəsi mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması məqsədilə hazırlanıb.

Mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyət ziyanın miqdarı və təqsirin formasına görə müəyyən olunacaq.

Dəyişikliklərə əsasən, hüquqi şəxslər də mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə, habelə mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cinayət-hüquqi məsuliyyətə cəlb edilə biləcəklər.

Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işlərin dayandırılaraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi inzibati xəta hesab ediləcək.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa "mədəni sərvətləri korlama" və "mədəni sərvətləri məhv etmə” anlayışlarının hüquqi tərifləri əlavə olunur.

Qanun layihəsində mədəni sərvətlərin mühafizə dərəcəsindən asılı olmayaraq, onların korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.