Qax Dövlət Kukla Teatrı Yeni il bayramı günlərində uşaqlara əyləncəli tamaşa-kompozisiya təqdim edəcək.

Bu barədə teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Proqramın əvvəlində Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edəcək, onlarla birgə rəqs edib əylənəcəklər.

Sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən yeni tamaşaya baxacaqlar.

Səhnə əsərinin quruluş müəllifi Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Baş rejissorun bildirdiyinə görə, tamaşa üzərində məşqlər artıq başa çatıb və yaxın günlərdə ictimai baxış olacaq.

Qax Dövlət Kukla Teatrında Yeni il şənlikləri 28-30 dekabr və 1-5 yanvar tarixlərində keçiriləcək.