Tarixdəki olaylar
5 dekabr 2012 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Tar alətinin hazırlanması və tar ifaçılıq sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 dekabr 1791 – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 – 1791) vəfat edib.
5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901 – 15.12.1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 – 7.3.1963) Naxçıvanın MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında çalışıb, filmlərdə (“Səhər”, “Kölgələr sürünür”) çəkilib.
5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 – 2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: “Səttarxan fədailəri Təbrizdə”, “Sərkərdə Babəkin portreti”, “Nəsiminin portreti”, “M.Ə.Sabirin portreti” və s. Teatr tamaşalarına bədii tərtibat verib.
5 dekabr 1921 – Tanınmış aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev (1921 – 2.10.1981) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 dekabr 1924 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 – 20.5.1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.
5 dekabr 1924 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (1924 – 3.4. 2008) Bakıda anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.
5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 – 26.7.2008) Laçın rayonunda doğulub. “Sevimli naxışlar”, “Çəltikbecərənlər”, “Dağlarda bahar” və s. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
5 dekabr 1927 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 – 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub. “Həyatın özü”, “İlk məhəbbət” romanları, “Gülüstanda qətl” pyesi və s. əsərlərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
5 dekabr 1927 – Yazıçı, şair İsmayıl Abuzər oğlu Qarayev (1927 – 9.10.1989) Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. “Gənclik” nəşriyyatında baş redaktor işləyib.
5 dekabr 1934 – Əməkdar artist, pianoçu Rafiq Teyyub oğlu Quliyev (1934 – 19.8.2007) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 – 1941) sürgündə vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.
5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 – 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, televiziya tamaşalarında çəkilib.
Hazırladı: Vüqar Orxan
























