Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində paytaxtdakı bədii kollektivlərin bölgələrə qastrol səfərləri təşkil edilir.

Layihə çərçivəsində dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Bərdə şəhərində çıxış ediblər.

Bərdə Mədəniyyət Mərkəzində keçirilən konsertdə Əməkdar artist, Qarabağ Universitetinin kafedra müdiri Səbuhi İbayev, Qarabağ Universitetinin müəllimi Səbinə Ərəbli, xanəndələr Nisbət Sədrayeva, Elgiz Əliyev, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Aytac Bəybalayeva, Vüsal Qasımov muğam, təsnif və xalq mahnılarından ibarət zəngin proqram təqdim ediblər.

Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental heyət – Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban), Solmaz Rəhimova (qanun) və Nihad Qədirli (bas tar) müşayiət edib.

Konsert proqramı Bərdə sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qastrol səfərlərinin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.