Qətərin paytaxtı Doha dünya liderlərini, siyasətçiləri və ekspertləri dekabrın 6-7-də keçiriləcək “Doha Forumu 2025”də salamlamağa hazırlaşır.

Forum bu il “Ədalət fəaliyyətdə: Vədlərdən tərəqqiyə” (Justice in Action: Beyond Promises to Progress) mövzusu üzərinə köklənib.

Təşkilatçıların bildirdiyinə görə, “Doha Forumu 2025” dünya siyasətinin gündəmindəki təcili məsələlərə dair açıq müzakirələr vasitəsilə öhdəliklərin təsirli siyasətə çevrilməsinə zəmin olmağı hədəfləyir.

Forumda 162 ölkədən nümayəndələr – dövlət və hökumət başçıları, nazirlər, digər yüksək vəzifəli rəsmilər daxil olmaqla, ümumilikdə 5 mindən çox iştirakçı gözlənilir.

Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesinə də diqqət ayrılıb. KİV-də yer alan məlumata görə, Doha Forumu çərçivəsində “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın çıxış edəcəyi bildirilir.

Xatırladaq ki, bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın görüşü keçirilib və regionda davamlı sülhün təminatı ilə bağlı Birgə bəyannamə imzalanıb. Görüş zamanı həmçinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb.

Doha Forumun proqramına “Qəzza hesabı: Qlobal məsuliyyətlərin və sülhə gedən yolların yenidən qiymətləndirilməsi”, “Strateji təcrid dövründə Körfəz-AB münasibətləri” və s. mövzularda 5 sessiya da daxildir. Forumun saytında yer alan məlumata görə, sessiya və panel müzakirələrdə ümumilikdə 246 çıxışçı olacaq.

Vüqar Orxan