Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyinə həsr edilmiş konfrans keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransda rektor Elbrus İsayev yubilyarı təbrik edib, onun elmi fəaliyyəti, dilçilik sahəsində apardığı tədqiqatlar və ədəbiyyatşünaslığa verdiyi əhəmiyyətli töhfələr haqqında danışıb. Qeyd olunub ki, Kamal Abdulla görkəmli yazıçı, alim olmaqla bərabər, eyni zamanda ali təhsil sahəsində uzun illər yorulmadan çalışan pedaqoq, təhsil təşkilatçısı kimi də tanınır.
Rektor Kamal Abdullaya Naxçıvan Dövlət Universitetinin fəxri fərmanını və rəsm əsəri təqdim edib.
Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə davam edən tədbirdə məruzələr dinlənilib.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev Kamal Abdullanın dilçilik sahəsində qoyduğu elmi irsdən danışıb. Azərbaycan Dillər Universitetinin professoru, akademik Muxtar İmanov “Kamal Abdullanın dilçilik və ədəbiyyat sahəsində tədqiqatları” mövzusunda alimin elmi irsinin milli filologiyanın inkişafındakı rolunu vurğulayıb.
Rumıniyanın Yaşi Universitetinin professoru Lyudmila Bejenaru “Kamal Abdulla dünya ədəbiyyatında” mövzusunda çıxış edib, alimin beynəlxalq elmi-ədəbi mühitdə tanınmasından və onun elmi fəaliyyətinə həsr etdiyi kitabından danışıb.
Digər məruzələrdə Kamal Abdullanın elmi və bədii irsinin zənginliyi, Azərbaycan dilçiliyi, ədəbiyyatı və təhsil sistemindəki əhəmiyyətli rolu xüsusi vurğulanıb.
Tədbirin sonunda dosent Gülxarə Əhmədova Kamal Abdulla dramaturgiyasından söz açıb. Universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, rejissor Nurbəniz Niftəliyevanın aktyor sənəti ixtisası üzrə 2-ci kurs tələbələri ilə hazırladığı Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsərinin tamaşası nümayiş olunub.
Göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirən Kamal Abdulla tədbiri özünün “Soldu nar çiçəkləri” şeiri ilə yekunlaşdırıb.
























