Tarixdəki olaylar
4 dekabr 1808 – İspaniyanı işğal edən Fransa imperatoru Napoleon Bonapart ölkədəki inkvizisiya məhkəməsini ləğv edib. Avropada sonuncu inkvizisiya məhkəməsi İspaniyada qalmışdı. Roma Katolik Kilsəsinin tabeçiliyində olan və dinə qarşı çıxanları mühakimə edən inkvizisiyanın ləğvi Napoleonun Avropada nüfuzunu artırıb.
4 dekabr 1988 – Bakıdakı Lenin (indiki Azadlıq) meydanında noyabrın 17-dən davam edən mitinqlərə zorakılıqla son qoyulub. 18 gün sürən aksiya Ermənistandan azərbaycanlıların kütləvi deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına kütləvi xalq etirazı idi. Dekabrın 4-də Bakıda fövqəladə vəziyyət rejimi tətbiq edilmiş, gecə yarısı meydana SSRİ DİN-in Daxili Qoşunlarının dəstələri və hərbi texnika yeridilmiş, aksiya dağıdılmışdı. Yüzlərlə insan həbs olunmuş və yaralanmışdı.
4 dekabr 2015 – Xəzərin Azərbaycan sektorundakı “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində 30 nəfər neftçi həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875 – 29.12.1926) anadan olub. XX əsr ədəbiyyatında modernizmin məşhur nümayəndələrindən biridir.
4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896 – 8.2.1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib, Azərbaycan Xalq şairi adına layiq görülüb.
4 dekabr 1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.
Hazırladı: Vüqar Orxan






















