Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar “açıq qapı” günü keçirib. “Sevgiyə açılan qapı” adlı tədbir fiziki məhdudiyyətli uşaq və yeniyetmələrə dəstək məqsədilə təşkil edilib.

Bu barədə teatrdan məlumat verilib.

Tədbirə qatılan teatrsevərlər uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” mənzum pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Elnur Xəlilov, Səbinə Məmmədova, Firuzə Nəsibli və Könül Nəsibova canlandırırlar.

Əsərin ana ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibatı, dolğun musiqi həlli ilə marağa səbəb olan bu tamaşada hadisələr bir meşədə təsvir olunur.

Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dovşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olur və bir-birinə kömək edirlər. Onlar Tükü ilə Canavarın hiyləsini başa düşür və əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə zəif görünən güclü iradəli dostlar tamahkar yırtıcılara qalib gəlirlər: dostluq və birlik zəfər çalır.

Qeyd edək ki, nümayişdə iştirak edən tamaşaçıların əsas qismi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri olub.