Dekabrın 3-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun (1915– 1984) 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı olub.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək M.Şeyxzamanovun kino yaradıcılığı haqqında söz açıb, onun dublyaj fəaliyyəti haqqında xatirələrini danışıb.
Xalq artistləri Əbdül Mahmudov, Xalidə Quliyeva, professor İlham Rəhimli, Əməkdar jurnalist Akif Əli, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy görkəmli sənətkar haqqında fikirlərini bölüşüblər.
Aktyorun qızı Afaq Şeyxzamanova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Məmmədrza Şeyxzamanovun yaradıcılığını əks etdirən videoçarx, aktyorun çəkildiyi filmlərdən fraqmentlər, 95 və 100 illik yubileylərində çıxış etmiş kino xadimləri Amaliya Pənahova, Elxan Qasımov və Tofiq İsmayılovun arxiv görüntüləri nümayiş etdirilib.
























