Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada simfonik orkestri dekabrın 1-də Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında qastrol konserti ilə çıxış edib.
Teatrdan verilən məlumata görə, konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bədii kollektivlərin ilk genişmiqyaslı ölkə qastrolu çərçivəsində keçirilib.
Sumqayıtlı sənətsevərlərə kino musiqisinə həsr olunmuş xüsusi proqram təqdim olunub.
Proqramda Azərbaycan və dünya kinosunun məşhur filmlərinə yazılmış musiqi nömrələri səsləndirilib. Musiqi və kino estetikasını səhnədə birləşdirən proqram tamaşaçılara həm estetik zövq, həm də retro ovqat yaradıb.
Konsertin baş prodüseri Ülviyyə Bəbirli, layihə rəhbəri Hüseynağa Aslanov, dirijor Ellada Məmmədovadır.
Qeyd edək ki, Mahnı Teatrı son vaxtlar yeni layihələrlə tamaşaçıların qarşısına çıxır və yaxın zamanda auditoriyanı maraqlı təqdimatlar gözləyir.
























