Dekabrın 2-də Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov bəstəkarın çoxşaxəli yaradıcılığından danışıb. Tofiq Bakıxanovun əsərlərinin böyük səhnələrdə ifa edildiyini deyən direktor onun əsərlərinin notlarının Milli Kitabxana tərəfindən nüfuzlu Petruççi Musiqi Kitabxanasının (IMSLP) saytında yerləşdirildiyini diqqətə çatdırıb. Kərim Tahirov kitabxana tərəfindən hazırlanan və bəstəkara həsr olunmuş biblioqrafiyanın da yaxın günlərdə təqdimatının keçiriləcəyini söyləyib.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri Xalq artisti, professor Firəngiz Əlizadə adı həmişə xüsusi və böyük hörmətlə çəkilən, istedadlı nəslin nümayəndəsi olan Tofiq Bakıxanovu fenomen şəxsiyyət adlandırıb. O, Bəstəkarlar İttifaqının Ağsaqqallar şurasının sədri olan Tofiq Bakıxanovun bu gün də çox enerjili şəkildə yazmaq eşqi ilə yaşadığını bildirib.
ABİ-nin katibi professor Elnarə Dadaşova bəstəkarın yubileyi ilə bağlı 2–15 dekabr tarixlərində nəzərdə tutulan festivalın proqramı haqqında məlumat verib.
Naxçıvan Dövlət Universitetinin müəllimi dosent Günay Məmmədova, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin şöbə müdiri Cəfər Qafarlı çıxış edərək Tofiq Bakıxanovun geniş yaradıcılıq diapazonu haqqında danışıb, bəstəkarın əsərlərinin musiqi məktəb və kolleclərində tədris vəsaiti kimi ifa olunduğunu, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verdiyini qeyd ediblər.
Sonda Xalq artisti Tofiq Bakıxanov ona olan daimi xüsusi diqqətə, not əlyazmalarının səliqəli mühafizəsinə və tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, həmçinin tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirin sonunda kitabxanada Tofiq Bakıxanovun 95 illiyi ilə bağlı hazırlanan elektron məlumat bazası təqdim edilib, ənənəvi kitab sərgisinə baxış keçirilib.

























