Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinə yekun vurulub. Noyabrın 28-də bu münasibətlə keçirilən təntənəli mərasimdə Türk dünyası sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da çıxış edib.
Bu barədə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından məlumat verilib.
Bildirilib ki, baletmeyster Ceyhun Qubadovun rəhbərliyi ilə tədbirə qatılan ansambl “Uzundərə” Azərbaycan xalq rəqsini və Əməkdar artist, müğənni Gülistan Əliyeva ilə birgə “Əsr türkün əsridir” kompozisiyasını ifa edib.
Sənətçilərimizin çıxışı alqışlarla qarşılanıb.
Sonda baletmeyster Ceyhun Qubadov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY tərəfindən təşəkkürnamə təqdim olunub.






















