Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rumıniya folkloru gecəsi təşkil olunub. Tədbirdə “Tara Vrancei” folklor ansamblı musiqi nömrələri ilə çıxış edib.

Əvvəlcə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare səhnəyə çıxaraq tamaşaçıları salamlayıb, konsert proqramının ölkəsinin milli bayramı, 1 Dekabr – Birlik Günü münasibətilə təşkil edildiyini diqqətə çatdırıb.

Ansamblın ifaçısı Ştefan Nequre konsert proqramı barədə məlumat verib: “Azərbaycanlılar bizi elə səmimiyyətlə qarşıladılar ki, özümüzü doğma yurdumuzdakı kimi hiss etdik. Teatrlar, konsert salonları öz zərifliyi ilə adamı valeh edir. Belə ölkədə yaşamaq, bu qədər mədəniyyətin, tarixin və incəliyin içində olmaq həqiqətən heyrətamizdir. Rumıniyanın milli bayramının qeyd edilməsi səbəbilə daha beş şəhərdə çıxış edəcəyik”, – deyə o əlavə edib.

Ansamblda 30 ildir fəaliyyət göstərdiyini deyən direktor Marianna Murqoç vurğulayıb ki, Rumıniyanın milli bayramını Azərbaycanda keçirmək böyük qürurdur.

Musiqi gecəsi iki xalq arasında dostluq və qarşılıqlı hörmətin mədəniyyət vasitəsilə daha da gücləndiyini nümayiş etdirib.