Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilən Bakı Beynəlxalq Film Festivalı (BBFF) Azərbaycanda kino sahəsində ən "qocaman" festivaldır.

Sayca 16-cı Bakı Beynəlxalq Film Festivalı bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) təşkil etdiyi “Baku Cinema Breeze 25” festivalı çərçivəsində, 5–9 dekabr tarixlərində keçiriləcək.

BBFF-nin açılış mərasimi dekabrın 5-də Nizami Kino Mərkəzində olacaq.

Ümumilikdə 34 ölkəni təmsil edən 78 film beş gün ərzində Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, festival filmlərinin nümayiş-seanslarına giriş sərbəstdir.

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən BBFF-də dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalın yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşılar müəyyənləşdiriləcək.

BBFF-nin bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da olacaq.

***

Onu da əlavə edək ki, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bu il ikinci dəfə təşkil olunan "Bakı Cinema Breeze" Beynəlxalq Film Festivalı (BCB) dekabrın 5-dən 11-dək davam edəcək. BCB festivalı da öz növbəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə keçiriləcək (5–11 dekabr) “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in proqramına daxildir.

Azərbaycanı film sənayesinin regional mərkəzinə çevirməyi, əməkdaşlığı, beynəlxalq koproduksiyaları və yaradıcı mübadiləni təşviq etməyi hədəfləyən BCB 30-dan çox ölkədən qonaq qəbul edəcək və müxtəlif baxış bucaqlarını təmsil edən 50-dən çox filmi nümayiş etdirəcək. O cümlədən 4 xüsusi premyera nəzərdə tutulur: “Boşluğa xütbə” (rejissor Hilal Baydarov), “Kür – çaylar anası” (rejissor Seyran Mahmudoğlu), “Her şeyin başı Merkür” və “Bu gün güzel” (hər ikisi Türkiyə). 

BCB-nin proqramın daxildir:

ATA – Türk Animasiya Festivalı

16-cı Bakı Beynəlxalq Film Festivalı

O’Market – Şərq Ölkələri Kino Bazarları

İslam Ölkələri Günləri

"CinemaTalks" sənaye panelləri