Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib. 24-30 noyabr tarixlərini əhatə edən ustad dərslərinin ünvanı bu dəfə Mingəçevir Dövlət Dram Teatrı olub.

Ötən ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin canlandırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır.

Ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.

Teatrın kollektivinin həvəslə iştirak etdiyi ustad dərsləri zamanı repertuar seçimi, müəllifin qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, bir sıra səhnə hərəkətləri real icra olunub.

Xatırladaq ki, layihə üzrə ötən il Qusar Dövlət Ləzgi Dram Teatrında və Lənkəran Dövlət Dram Teatrında, bu il Qax Dövlət Gürcü Dram Teatrında, Qazax Dövlət Dram Teatrında, Qarabağda “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində isə Ağdam və Füzuli Dövlət Dram teatrlarında ustad dərsləri uğurla həyata keçirilib.